Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“Əyyub və Sənəm”  dastanı
Tarix: 2015/12/16 12:21

AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, tədqiqatçı-publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) qələmə aldığı “Əyyub və Sənəm”  dastanını təqdim edirik:I HİSSƏ

 
Ustadlar ustadnaməni bütün dastanlarda deyiblər. Biz də deyək: 
 
Dada çağırmaqdan qabardı dillər, 
Dindar  “Allah” dedi hər dolaşanda. 
Suyun artır, dənin azalt, daban ver, 
Daşı hərləyərmi pər dolaşanda? 
 
Tərsinə dönəndə çərxi-ruzigar, 
Qoldan qüvvə gedər, əldən ixtiyar. 
Ağzın atıb öz canını dağıdar
Dizləri zəncirli nər dolaşanda. 
 
Gəzdim ölkələri, gördüm az insan, 
Min əməl toxudu şeyidbaz insan. 
Nəfsinə “sus” deyər, qudurmaz insan 
Əlində ixtiyar, zər dolaşanda. 
 
Əyyub, danış dərdi, bilim, yaxşıdı, 
Dünya vətən olsa, elim yaxşıdı. 
Yaman addan yaman ölüm yaxşıdı, 
Kamal səfil düşüb sər dolaşanda. 
 
Ustadlar istəməyib incisinin təki olsun. Biz də deyək, iki olsun. 
 
Bəxtin oxu daşa dəydi, neylərəm indən belə? 
Öz əlimlə öz bağrımı teylərəm indən belə! 
Mənim kimi dərdli görsəm, əylərəm indən belə, 
Dərdlilərə danışmaram, dərdi artar onların, 
Dağa-daşa həmdəm olub söylərəm indən belə! 
 
Dağların da dağ dərdi var, yazıq canım, çıx dağa, 
Çarə yoxdu, ara, axtar, bir dalda tap qalmağa, 
Öz başını öz əlinlə ver özünə sadağa.
Yaratmısan, yaranmışam, günahım nədir, Allah? 
Ömür tamam olanacan  göynərəm indən belə! 
 
Nə yaman günə qalmışam, zəhmət boş, üzüm qara, 
Gecə-gündüz səsim düşər sal qayalı dağlara. 
Əyyubu kim soraqlaya, kim tapa, kim apara?! 
Ümid yoxdu, güman yoxdu, can taqətsiz, yol yoxuş, 
Bu çöllərdə yol axtarıb döynərəm indən belə! 
 
Ustadlar çalışıb ki, ustadnaməni iki də yox, üç desinlər, biz də deyək, üç olsun, söz ocağımıza sacayağı güc olsun.
 
Sazın dastanı var, tarın muğamı, 
Muğamın qəhrini sim sarı çəkər. 
Allah özü naşılardan saxlasın, 
Naşının əlində sim sarı çəkər. 
 
Qürbət mənə çox dərd verdi, az aldı, 
Qərib üçün səhər danı az aldı. 
El arxası, elin oğlu azaldı, 
Oğul var ağrısın simsarı çəkər. 
 
Kamalım yerində, qəlbim saz olsa, 
O qədər yanmaram ömrüm az olsa. 
Harda tar dillənsə, harda saz olsa, 
Əyyubu özünə sim sarı çəkər. 
 
Hə, əzizlərim, sizə hardan deyim, kimdən xəbər verim, Kəlbəcərin Məmmədsəfi kəndində İmran adlı bir kişidən. İmran kişi yaşadığı kənddə və ətraflarda öz dövrünün hörmətli-izzətli, sayılan-seçilən adamlarından idi. O, böyük oğlunun adını Əyyub qoymuşdu. Əyyub erkən yaşlarından ədəb-ərkanı, məktəbdə yaxşı oxuması və şairlik istedadı ilə tay-tuşlarından seçilirdi. Oğlan 10-12 yaşlarına çatanda atası vəfat edir. Əyyub çətinliklə təhsil alır.  Orta, sonra da ali məktəbi bitirir. Təhsilini başa vurandan sonra “İstisu” sanatoriyasında işə düzəlir. O, hər gün evdən çıxıb işinə gedirdi. Yaşadığı kəndlə İstisuyun arası piyada yoluyla 25-30 dəqiqəlik olardı. İstisudan keçən Tərtər çayı ilə Məmmədsəfi çayının arası ecazkar təbii gözəlliyi olan bir ərazi idi. Burada qayalardan süzülən buz kimi çoxsaylı bulaqlar var. Lalə, nərgiz, qan bənövşə, qaymaqçiçəyi, neçə rəngə çalan ləçəkləri qırmızı, yaşıl, sarı, göy, qara, ağ kiçik xalları olan, o tərəflərdə gəlinçiçəyi adlanan güllər bir-birinə qarışır. 
Burada çiçək növləri o qədər çoxdur ki, bir neçə dəqiqəyə yüzdən çox müxtəlif növ gözəl və ətirli çiçək yığıb toplamaq olar. Ulu Tanrı öz səxavətini bu yerlərdən əsirgəməmiş, qüdrət qələmini bura çalmışdı. Təbiət burada xüsusən yay aylarında daha məftunedici olur. Bir qayda olaraq, hər gün qız-gəlinlər buralara kəklikotu, əvəlik, quzuqulağı, baldırğan yığmağa gəlirdi. 
Belə isti yay günlərinin birində Əyyub İstisuya gedəndə iş stolunun üstünə qoymaq üçün bir dəstə çiçək toplayır. Yolu Sallanan deyilən bulaqdan düşür. Görür ki, bulağın üstündə İstisuya qonaq gələn bir neçə qız baldırğan, bulaqyarpızı yeyir. Qızlardan biri qaraqaş-qaragöz, dodağının üstündə iri qara xalı olan qıza göz vurub, “Deyəsən, oğlan çiçəkləri sənə verəcək”, – deyir. Əyyub da xallı qıza gözünü zilləyərək ürəyi döyünə-döyünə, əlləri əsə-əsə “Buyurun”, – söyləyib, həqiqətən çiçəkləri həmin qıza uzadır. Qız “Əmi, çox sağ olun”, – deyib, çiçəkləri alır. Əyyub pərt, tutulmuş halda görək qıza nə deyir, biz deyək, siz şad olun: 
 
 
Yığdığınız bu yarpızın 
Dadını bilmək olarmı? 
Bu dodağı xallı qızın
Adını bilmək olarmı? 
 
Qız: 
 
Bir dəstə gül bir qız almır, 
Tələsmə, oğlan, tələsmə! 
Sizlərdə bu nə qaydadır? 
Deyil ki talan, tələsmə! 
 
Əyyub: 
 
Şimşək kimi çaxışının, 
Bulaq kimi axışının, 
O sehrli baxışının 
Odunu bilmək olarmı? 
 
Qız: 
 
Çiçək bitir qoxmaq üçün, 
Göz yaranıb baxmaq üçün. 
Sellər, sular axmaq üçün, 
Qanına dolan, tələsmə! 
 
Əyyub:
 
Sən Əyyubdan aralısan, 
Hansı yerin maralısan? 
Adın nədi, haralısan, 
Zatını bilmək olarmı? 
 
Qız: 
 
Asan olmaz bu iş belə, 
Sən Sənəmi tutma dilə. 
Məndən cavab deyil hələ, 
Qoy qalsın qalan, tələsmə! 
 
Söz tamam olur. Əyyub qızlardan öyrənir ki, onlar aran ellərindən İstisuya gəliblər. Bir neçə gündən sonra Qaraarxac yaylağındakı  obalarına gedəcəklər. O, iş yerinə gəlir. Gecikməsinin səbəbini soruşurlar. Alır görək suala şeirlə necə cavab verir:
  
 
Əziz qardaş, adım çıxdı yadımdan, 
Dəlidağda elə gördüm Sənəmi! 
Bir göz vurdum, toxunmadı nişana, 
Dedi: Yeri, qocalmısan sən, əmi! 
 
Aran gözəlisən, dağlar qarısan,
“Hansı bəxtəvərin vəfadarısan?”
Dedim: gözəllərin tacidarısan,
Gülüb dedi: Dərdi qalıb sənəmi? 
 
 
Dedim: A mürvətsiz, umacağım var. 
Dedi: Kəsə danış, sözünü qurtar. 
Dedim:  Göz vurmuşam, özümə qaytar, 
Dedi:  Əyyub, gəl aldatma Sənəmi. 
 
Həmin gündən Əyyub Sənəmi unuda bilmir. Başa düşür ki, qızın məhəbbəti qəlbinə od salıb. Gəncliyin alovlu duyğuları onu yandırıb-yaxır. Nəhayət, bir gün işə gedəndə Sallanan bulaqda çiçək yığan qızların arasında yenə Sənəmi görüb onların yanına gəlir. Ürəyi dəmirçi kürəsinə dönür. Salam verib yaxınlaşır, titrək səslə görək bu dəfə nə deyir, tərəfindən ərz eyləyək:
 
Dəlidağın yaxasında səhərlər, 
Hara gözəlisən, a gül dərən qız? 
Səni gördüm, halım oldu birtəhər, 
Yaman qəmzəlisən, a gül dərən qız.
 
Sənəm: 
 
Haralıyam, gül dərirəm, sənə nə? 
Mənim yollarımda dolaşma, oğlan! 
Dəlidağın ətəyində sən belə 
Ağzına gələni danışma, oğlan! 
 
Əyyub:
 
Gözəl çiçək sinəndədi, gəl seçim, 
Canıyanmış, çıx yolumdan, qoy keçim. 
İnanmırsan, ver əlini and içim, 
Vallah, sevməlisən, a gül dərən qız. 
 
Sənəm:
 
Özünü bu oda nə yandır, nə yax, 
Sən deyəni nə dil bilsin, nə dodax. 
Xəbərdar edirəm, düz gözümə bax, 
Bundan artığına qarışma, oğlan! 
 
Əyyub:
 
Əyyubam, gözəlsən, yoxdu günahım, 
Qorxuram üstünə tökülsün ahım. 
İncimə sözümdən, kərəmli şahım, 
Bizə getməlisən, a gül dərən qız! 
 
Sənəm:
 
Deyiblər ki, kişi olan mərd olar, 
Bu gedişlə Sənəm sənə dərd olar. 
Qorxağın qorxudan gözü dörd olar, 
Boş yerə bu qədər çalışma, oğlan! 
 
Əyyub yenidən Sənəmi dilə tutmağa çalışır: 
 
– Gözəl qız, qorxum sənin tərsliyindəndi. Görürsən ki, sənə olan məhəbbətim dağların zirvələri qədər uca, bulağın suyu kimi təmizdir. Qulaq as, bir daha gör nə deyirəm:
 
Bilməz kimi davranırsan, 
İstəyimi bilmirsənmi? 
Haqdan səni diləyirəm, 
Diləyimi bilmirsənmi? 
 
Sənəm:  
 
Sizin elin qonağıyam, 
El qaydasın bilmirsənmi? 
Mən də bir elin qızıyam, 
El sövdasın bilmirsənmi? 
 
Əyyub:
 
Göydən gəlmiş bir mələksən, 
Gözəllikdə görənəksən. 
Axı mənə sən gərəksən, 
Gərəyimi bilmirsənmi? 
 
Sənəm:
 
Bir ibrət al öz eybindən, 
Gör nə deyər gəlib-gedən? 
Elçi gedib, qız evindən 
Qız almasın bilmirsənmi? 
 
Əyyub:
 
İstəyimə külək demə, 
“Əyyub, məndən əl çək” demə. 
Bu sevgimə “kələk” demə, 
Ürəyimi bilmirsənmi? 
 
Sənəm:
 
Mənə nağıl varaqlama, 
Uşaq bilib daraqlama. 
Burda Sənəm soraqlama, 
Qadağasın bilmirsənmi? 
 
Söz tamama yetir. Sənəm Əyyubdan təəccüblə soruşur:
O gün nə üçün çiçəkləri heç kəsə yox, mənə verdiniz?
Əyyub cavab verir:
– Sənəm xanım, həyat qəribəliklərlə doludur. Kiçik işlərdən böyük hadisələr yarana bilər. Bu çiçək əhvalatı da qoy gələcəyə bir təməl olsun.
Sənəm yenidən soruşur:
 – Siz sualıma niyə cavab vermədiniz?
Əyyub deyir:
 – Xahiş edirəm, cavabımdan heç kəs inciməsin, qızların içində gözüm səni tutdu, ilk baxışdan könlümə sən yatdın.
Sənəm deyir:
– Xoşunuza gələn hər qızla belə danışırsınız? 
Əyyub cavab verir:
– Xeyr. Sən sadəcə xoşma gəlmədin, günəşin şəfəqləri kimi süzülüb könlümə, ruhuma hopdun. İcazə ver davamını şeirlə izah eləyim:
Əyyub: 
 
Sən gözəlsən, mən heyranın, gəl görək
Hansımızın işi günaha qalıb? 
Könülə güc yoxdu, qərar sənindi, 
Nə hakimə qalıb, nə şaha qalıb. 
 
Sənəm:
 
Məni dilə tutma, eldən ayıbdı, 
Yoldan azanlara cinayət qalıb. 
Atalar “namusu qoruyun” deyib, 
Deyilən zamandan bu adət qalıb. 
 
Əyyub:
 
Tutmusan yolumu, hər keçidimi, 
Seçim gözəllərin öz seçimidi. 
Sənin sevilməyin suiçimidi, 
Mənim sevilməyim Allaha qalıb. 
 
Sənəm:
 
Sən nə qarşıma çıx, nə məni axtar, 
Bir gəliş gələrəm, qiyamət qopar. 
Sevə bilsən, səni sevən tapılar, 
Qismətindən qaçan xəcalət qalıb. 
 
Əyyub:
 
Sözlərlə sözlərdə sözdən söz əkdim, 
Sözlərlə söz donlu şəklini çəkdim. 
Hər nə bilirdimsə, doğrayıb tökdüm, 
Söylə, demədiyim nə daha qalıb? 
 
Sənəm:
 
Söz seçərkən öz dilindən əzəl seç, 
Haqqın olsun, haqq yoluna düzəl, seç. 
Mən qonağam, öz elindən gözəl seç, 
Eldən öz qızına ləyaqət qalıb. 
 
 
Əyyub:
 
Bulandırdım sənin könül çeşməni, 
Bundan belə yaxın qoymaz heç məni. 
Məhəbbətin nifrət adlı düşməni 
Əyyubun yolunda əjdaha qalıb. 
 
Sənəm:
 
Belə sözdən mənim qanım qaralmaz, 
Bilirsən ki, hər budaqda bar olmaz. 
Əjdahadan Sənəm bağrı yarılmaz, 
Məndən sənə belə şikayət qalıb. 
 
Söz tamama yetdi. Əyyub dedi:
 – Sənəm xanım, daşı ətəyindən tök, bil və agah ol, səni dünyalar qədər sevirəm, razılıq ver, elçi göndərim.
Sənəm də artıq bu neçə gündə özündən ixtiyarsız Əyyuba bənd olmuşdu, könlünün quluydu. Odur ki, elçi göndərilməsinə razılıq verir, amma şərt qoyur ki, elçilik yaylaqda yox, aranda – ata-baba yurdunda – Biləsuvarda olsun.
Əyyub çox sevinir, qızı bağrına basmaq istəyir, Sənəm imkan vermir və onun bu hərəkətindən inciyir. Əyyub onun könlünü almaq üçün çox yalvar-yaxar eləyir, Sənəm az eşidir. Aşiqinin üzünə baxmır ki, baxmır. İşləri korladığını handan-hana anlayan Əyyubun əli yerdən-göydən üzülür. Əlacı kəsilir. Ümid yenə şeirə qalır: 
 
Əyyub:
 
Gözəlliyin karıxdırdı, karıxdım, 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN