Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Sona Vəliyeva: Hər bağlı qapıya bağlı demə, gəl
Tarix: 2016/01/06 12:36

Çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus imzası ilə tanınmış  qadın şairlərimizdən biri də Sona xanımdır. Onun poeziyasının ən dəyərli cəhəti ədəbi yaradıcılığında zamanın poetikasının ritmini öz ruhunun ilğımından və süzgəcindən keçirməkdir. Bu, sadəcə sözün poetikası deyil, həm də çoxlarımızın ruhuna hakim olan duyğularımızın bədii məzmunu kimi də çox dəyərlidir.
Sona xanım Azərbaycanımızın ən gözəl və dilbər guşələrindən biri olan Naxçıvanın Şərur bölgəsində anadan olmuşdur. Bura elə bir yerdir ki, insan ta cocuqluq illərindən bütöv Azərbaycan anlamının bütün dəyərlərinin nə demək olduğunu, onun Araz boyda iki yüz ildən çoxdur ki, sinəmizə çəkilən milli yaramızın dərdlərini anladır. Onunla baş-başa qalaraq, nə zamansa həsrətlərin çamurunu siləcəyimizə böyük ümidlərlə baxmağı öyrənirsən. Bax beləcə Şərur çökəyindən boylanan baxışlar, ümidlər daim buraların insanının ruhu ilə bir bütünlük təşkil edir. O möhtəşəm ruhu poetik anlama, duyğularının smigəsinə çevirmək də hər kəsə nəsib olmur. Sona Vəliyevanın bədii yaradıcılığının əsil sirri də adı çəkilən ruhun sözlərə, misralara və ən sonda isə şeiriyyətə çevrilməsindədir.
Sona Vəliyeva 1980-1984-cü illərdə Mirzəğa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstititunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) -nun mədəni-maarif fakültəsinin təşkilatçı metodist şöbəsində təhsil almışdır. Sona xanımın təhsil aldığı  illər milli düşüncə və ruhun daha möhtəşəm səviyyədə inkişaf dövrü idi. İncəsənət İnstitunda tələbələrin və müəllimlərin başqa ali məktəblərə nisbətən daha açıq şəkildə fikir və düşüncələrini ifadə etmək, heç nədən qorxmadan bu yöndə hətta fəaliyyət göstərən bir mərkəzə çevrilmişdi. Beləcə buranı bitirənlər harada çalışmasından asılı olmayaraq, Azərbaycan Türkünün öz milli mədəniyyətinə sahib olmaq zəkasını təbliğ edən və onun ideyasını gündəmə gətirən ən güclü sosial şəbəkələri yaradırdılar. Məhz bu amalın  sayəsində Azərbaycan Milli Hərəkatı başlayanda, bu gün ən böyük uğurumuz olan dövlət müstəqilliyimizin əldə edilməsində milli maarifçi düşüncənin əvəzsiz rolu oldu. Bu ali dəyərləri Sona xanımın poeziyasının leytmotivində hər zaman olduğu kimi, bu gün görmək mümkündür. Yetər ki, onun poeziyasının görünən və sətiraltı mənalarının fərqinə vara biləsən.      
1984-1994-cü illərdə Üzeyir Hacıbəyli adına Naxçıvan Musiqi Texnikumunda müəllimə, 1995-1999-cu illərdə "Səs" qəzetində müxbir, 1999-2007-ci illərdə "Kaspi" qəzetində direktor vəzifələrində çalışmışdır. 2005-ci ildə jurnalist fəaliyyətinə görə prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə üzrə filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

 

Karvan

Bir budaq kölgəyə möhtac,
Bir bulud yağışa ac,
Dərdinəmi gəzir əlac?
Düşübdü çöllü-biyaban,
Yol başlayıb gedən karvan.

Bir yolçuluq köhnə mərəz,
Arxadan harayım yetməz,
Getdiyi yol gedər-gəlməz,
Sən nigaran, yol nigaran,
Yol başlayıb gedən karvan.

 

Gəl gedək bu şəhərdən.

Yarpaqlar da saralıb,
Töküləcək qəhərdən.
Yığıb xatirələri
Gəl gedək bu şəhərdən.

Bu saralan yarpaqla
Sönər xatirə-ocaq.
Dəli xəzri soyğunçu
Qəlbimi boşaldacaq.

Ruhum da ayrılıqdan
Saralıbdır elə bil.
Gəl gedək bu şəhərdən
Bu payız mənlik deyil.

Bu torpağın kədəri
Başından çıxan duman.
Payız qəmli qadın tək
Yorulmur ağlamaqdan.

Payızdan ötmək çətin,
Qışdan bahara nə var?
Günəşli qapılarda
Bitəcək bu intizar.

Gəl gedək bu şəhərdən,
Bu payız mənlik deyil.
Ruhum saralan yarpaq,
Ayrılıq əl eyləyir.

 

Şirin çiçək

Ömrümə gəlişi bahar vaxtıdır,
Çiçəklər içində öz çiçəyimdir.
Taleyə yazılan tanrı baxtıdır,
Lalə çiçəyimdir, qız çiçəyimdir.

Bu da bir qismətdir, bal dadındadır,
İlıq arzuları içində min-min.
Balalar onsuz da bal dadındadır,
Çiçək şirinliyin mən indi gördüm.

Ay ürkək baxışlı körpə çiçəyim,
Sən hansı nağıldan çıxıb gəlmisən?
Sən mənim ömrümə gələnə qədər,
Necə yaşamışam, hardan biləsən?

Dünyanın sərvəti, varı, dövləti
Bu çiçək balanın telinə dəyməz.
Dünya gözlərində gülüşdü hələ,
Qayğılar hələki eyninə gəlməz.

Ay şirin çiçəyim, ay qız çiçəyim,
Gəlişin evimə gətirib bahar.
Hər ağac bir çiçək bitirməyibsə,
Dünya məhvərindən qopar, dağılar...

 

 

Açaq qapıları

Sən üzmə özünü, ağlama belə,
Yolların kəsəsi tez çatan olur.
Hər bağlı qapıya bağlı demə, gəl,
Taledən hər bəxti bir açan olur.

Bağlı qapıları bağlı bilməsək,
Hər bağlı taleyin öz tilsimi var.
Yüz ildir Arazı bağlı bilmişik,
Yüz ildir dərdimə tapılmır açar.

Hələ çox dərdimin dərmanı sirli,
Hələ çox açarlar ağ div əlində,
Bir xalqın taleyi uduzulan gün,
Bağlı qapı olur Xudafərin də.

Yenə ümidini üzmə, gəl, belə,
Yolların o üzü günəşdir, sudur.
Qapının bu üzü "Cəngi", "Vağzalı",
Qapıdan o yana bir gözəl durur.

Bu dünya binadan xali deyil ki,
Həqiqət bir açar, qeyrət bir açar.
Fələyin hökmünü çox da gözləmə,
Nə vaxtdır qapılar, yollar intizar.

Açılar bir nurlu, bir aydın səhər,
Bir ağ atlı oğlan qismətə çıxar.
Sınar bəxtimizin tilsimi, sehri,
Açılar qapılar, açılar yollar.

Sən üzmə özünü, ağlama belə,
Yolların dolayısı tez çatan olur.
Hər bağlı qapıya bağlı demə, gəl,
Xudadan hər bəxti bir açan olur.

 

Ay qapı bağlayan

(Taleyi bağlı qapı arxasında həll edilən millətlərə)

Bu yandan açarı mənəm,
O yandan kimdir bağlayan?
Tanrı əliylə açıram,
Dayan, ay qapı bağlayan.

Kimi bir salama yozar,
Kimi taleyinə yazar.
Bu nə dərddi, bu nə azar,
Bəsdir, ay qapı bağlayan.

Kimisi bir hayla açdı,
Kimisi duayla açdı,
Kimi də ah-vayla açdı,
Kimsən, ay qapı bağlayan?

Bu qapının cırıltısı
Min ilin qəlb sızıltısı...
Dərbənd, ya Gəncə ağrısı
Gəl açaq, qapı bağlayan.

Bu qapı gözüm qapağı,
İçin Vətənin torpağı.
Ürəyim yağı tapdağı,
Sən də bax, qapı bağlayan.

Keçmədim qapı varsa da,
Dərdi düşmən çarasında.
Torpaq, qapı arasında
Can verir, qapı bağlayan.

Aç, keçək, görüm yol hanı?
Ovut qəmdən oynayanı.
Gözümdə qapı dabanı
Öldüm, ay qapı bağlayan.

O ağ şallı kimdir, gəldi?
Duası haqqa yüksəldi.
Yağışdan açar ələndi -
Götür aç, qapı bağlayan.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN