Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Ramil Cəbrayıl: `Mən bu ədalətsiz, taleyimizi dəyişən müharibənin acı və iztirablarını hər gün xatırlayıram`
Tarix: 2016/01/20 22:58

“Ancaq bir məqsəd var: “Hər şey millət və Vətən üçündür!”
Vətənsiz dövlət olmaz. Dövlət olmadıqda isə insanların yaşaması çətin, xalq olması mümkünsüzdürdir. Vətənsizlər köçəri yaşayar və ya zindanda olan bir əsir kimi zillət çəkər. Bunun üçün qızıl qəfəsə qoyulan bülbül, “Vətən, Vətən” deyə nalə qoparar. Hətta ən amansız təhqir kimi, “vətənsiz”, “yurdsuz”, “yuvasız” sözlərindən də istifadə edilir.


Mövzumuz “Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması”, həmsöhbətimiz isə Karabakhmedia.az saytın baş redaktoru Ramil Cəbrayıldır.

- Müharibənin başladığı vaxtları necə xatırlayırsınız?

- Qarabağda müharibənin başlaması mənim uşaqlıq dövrümə təsadüf edir. Geniş hərbi əməliyyatlar 1991-1994-cü illəri əhatə etsə də, əslində müharibə 1988-ci ildən başlamışdır. Mən Laçının Şamkənd (Ələkçi) kəndində doğulmuşam. Kəndimiz Qırxqız dağının ətəyində yerləşirdi. Yaxşı yadımdadır ki, Dağlıq Qarabağla Ermənistanın hava nəqliyyatı əsasən kəndimizin üstündən həyata keçirilirdi. Demək olar ki, gün ərzində dəfələrlə Ermənistanın hərbi və mülkü təyyatələrinin, helikopterlərinin Xankəndinə uçuşlarını müşahidə edirdik. Heç vaxt xəyalımıza gəlməzdi ki, “Laçın dəhlizi”ndən Ermənistanla gediş-gəlişləri mümkün olmayan ermənilər bir vaxtlar bizim özümüzü Laçına, Qarabağa həsrət qoyacaq, yurdumuzdan didərgin salacaqlar.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqının taleyinə dəhşətli müharibələr, soyqırımlar, ədalətsiz savaşlar yazılmışdır. Biz 90-cı illərdə dəhşətli, amansız bir müharibənin şahidi və iştirakçısı olduq. Bütün müharibələr insanlığa, mədəniyyətə qarşı ən böyük cinayətdir. Ermənilərin bizimlə olan müharibəsi isə təkcə ərazi zəbt etmək iddiası deyildir. Qarabağ savaşında xalqımızın başına gətirilən zülm və işgəncələr, tarixdə çox az sayda insanlıq əleyhinə olan cinayətlərdəndir. Günahsız insanlar – hamilə qadınlar, körpə uşaqlar, qocalar amansızcasına qətlə yetirilmiş, girov götürülmüş, işgəncələrə məruz qalmışdılar. Mən sizə bir misal deyim.
Mənim sinif yoldaşım var idi, rəhmətlik Elçin Hümbətov. Laçın işğal olunmasaydı, biz 7-ci sinifə də öz kəndimizin məktəbində gedəsiydik. 1992-ci ilin mayın 18-də Laçının işğalından sonra rayon əhalisi Azərbaycanın müxtəlif rayonlarında məskunlaşdılar. Elçingilin ailəsi və digər qohumları, 5 ailə Goranboyun Ballıqaya kəndi yaxınlığında, ermənilərlə sərhəddə alaçıqda məskunlaşmışdılar. 28 fevral günü səhərə yaxın erməni silahlı qüvvələri iri çaplı silahlarla, qumbaraatanlarla hücuma keçərək qohum olan beş ailəni alaçıqlarda məhv etmişdilər. Elçin ailənin böyük oğlu idi, 1980-ci ildə doğulmuşdu. Ailənin ən kiçiyinin isə 4 yaşı var idi. Anası və 5 qardaş-bacısı ilə bir gecədə şəhid oldular. Həmin gün atası Vəzir kişi təsadüfən Bərdədə yaşayan qohum evinə getdiyi üçün sağ qalmışdı. İndi siz dəhşətə baxın, bir ata üçün beş balasını və həyat yoldaşını bir gecədə itirmək və parça-parça olmuş meyitlərini toplayıb məzara qoymaq nə deməkdir. Qarabağ müharibəsində bu cür dəhşətli faktlar çoxdur. Mən bu ədalətsiz, taleyimizi dəyişən müharibənin acı və iztirablarını demək olar ki, hər gün xatırlayıram.

- İlk sualı verməkdə məqsədim hal-hazırki vəziyyətlə kiçik bir müqayisə aparmaqdır. Hal-hazırda da müharibə şəraitində yaşayırıq. Əhalimizin sosial rifahı barədə nə deyə bilərsiz?

- Müharibənin qızğın dövrilə müqayisə etsək, şübhəsiz ki, əhalinin rifahı indi daha yaxşıdır. Atəşkəs imzalandıqdan sonra, ölkədə stabilliyin yaranmasından və neft müqavilələrinin bağlanmasından sonra dövlətimizin gəlirlərinin artması əhalinin sosial rifahına da müsbət təsir göstərdi.

- İnsanlarımız uzun zaman müharibənin təsirindən çıxa bilmədi, sizcə o günləri geridə qoymaqçün ən böyük dayaq nə oldu?

- Mən deməzdim ki, müharibənin ağrı-acısı tamamilə unudulubdur. Mənim üçün doğulduğum yurd, ata-babalarımızın məzarları, müharibədə şəhid olan, itgin düşən həmyerlilərim, qohumlarım heç vaxt unudula bilməz. Ər, ana, bacı-qardaş itgisini yaşayan inasanların bunları unutması mümkün deyil. Bədənində müharibənin qəlpələrini, ağrılarını gəzdirən döyüşçü qardaş və bacılarımız var. Ayağını, qolunu itirən bu insanlara rast gəldigcə müharibənin əzablarını xatırlamamaq olmur. Lakin zaman-keçdikcə insanlar “hər şey vətən üçün” şüarına sığınaraq təsəlli aldılar. Bundan başqa dövlətin dəstəyi, xalqın bir-birinə münasibəti insanları o təsirdən çıxmağa məcbur etdi. Çünki biz millət olaraq bir-birimizə, vətən bizə, xalq olaraq biz də vətənə lazımıq.

- Qaçqın və məcburi köçkün ailələrin mənzil şəraitinin yaşılaşdırılması barədə mətbuatda aparılan təbliğatlardan necə, razısız?

- Doğma yurd-yuvalarından didərgin düşmüş bir milyon əhalinin əksəriyyətinin çadırlarda, yeraltı qazmalarda, vaqonlarda, fin evlərdə, yataqxanlarda yaşaması çox yaxın bir tarixdir. Bütün bu çətinliklərin öhdəsindən gələrək yaşamış insanlar dövlətin qayğısı və dəstəyi ilə bir neçə ildən çoxdur ki, yeni tikililərə köçürülürlər. Məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlər sevindirici haldır. Qarabağ müharibəsinin acı nəticələrini yaşayan insanların həyat şəraitini yaxşılaşdırmaq olduqca önəmli və təqdirəlayiqdir. Bütün bu işlərin icra olunması əsasən yerlərdə məmurların üzərinə düşən bir vəzifədir. Bundan sonra da diqqət edilməsi vacib olan iş bu mənzillərin vətəndaşlara paylanılmasında şəffaflığın təmin olunmasıdır. Təbii, bütün bunlar barədə biz hamımız, istər media, istər mətbuat, istərsə də sadə camaat, hamımız KİV-dən məlumat alırıq, və ya məlumatları istinadla öz aramızda yayırıq. Ümumiyyətlə bu cür işlər barədə KİV, media maarifləndirmə proqramlarını yaxşı hazırlayır.

- Sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin bir problemi də təhsildir. Sizcə bu yöndə aparılan islahatlar barədə təbliğat qənatbəxşdirmi?

- Qeyd edək ki, bu gün ümumtəhsil məktəblərinin maddi-texniki bazası və infrastrukturu yenilənmiş, ölkəmizdə gözəl təhsil şəraiti yaranmışdır. O cümlədən də yeni tikilən məktəblər və s. Dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərini dövlət büdcəsinin vəsaiti hesabına ödəyir. Müharibə veteranlarının da övladları bu siyahıya daxildir ki, indi onlar da ödənişsiz təhsil alır.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günə kimi 3 mindən çox azərbaycanlı gənc dövlət hesabına xaricdə təhsil alıb ki, onların da əksəriyyəti dövlət qayğısına ehtiyacı olanlardır. Xaricdə təhsil alıb gələn gənc kadrların potensialından istifadə edilməsi ölkəmizin gələcək inkişafı üçün çox əhəmiyyətlidir.

Bir ingilis aliminin belə bir sözü var: “Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər”. Biz bəhrələnməyi də, bu barədə görülən işləri də işıqlandırmağı bacardığımız qədər həyata keçirmişik.

- Qarabağla, şəhidlərimizlə bağlı bir sıra tədbirləriniz, layihələriniz olub…

- Mən beş ildən çoxdur mediada çalışıram, ictimai fəaliyyətlə məşğulam. “Laçın yurdu” jurnalında, “lacin.info” saytında və digər media orqanlarında müəyyən fəaliyyətim olub. 2010-cu ildə yaxın dostum, gənc ziyalı İbrahim Mirzəyevlə “facebook”da yaratdığımız “Laçın və laçınlılar” qrupu fəaliyyətə başlayıbdır. Fəaliyyətimiz virtual ünsiyyətdən real ünsiyyətə keçib, müəyyən işlər görmüşük. Qrupumzda rayonumuzun nüfuzlu ziyalıları- alimlər, həkimlər, müəllimlər, jurnalistlər var. Qrupumuzun ən fəal üzvləri ilə dəfələrlə Qarabağla bağlı tədbirlər təşkil etmişik, şəhidlərimizin anım günlərini təşkil etmişik, fəaliyyətimiz mediada işıqlandırılıb. Gördüyümüz ən böyük işlərdən bir neçəsini sadalamaq istəyirəm. 2014-cü ildə Laçından olan ziyalıların görüşünü təşkil etdik və Azərbaycan tarixinə adları əbədi yazılan Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının adlarının əbədiləşdirlməsi üçün “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova müraciət ünvanladıq. Mübariz müəllim müraciətimizə müsbət cavab verərək hər iki qardaşın adına yeni gəmilər istifadəyə verdi. Yenə 2014-cü ildə Laçının işğalı ilə əlaqədar “72 KM” qısametrajlı filmin çəkilişinə nail olduq. Son tədbirimiz isə 2015-ci ilin dekabr ayında baş tudu. Şəhid Elnur Cabbarovun anım tədbirini keçirdik. Bütün bunları sadalamaqda məqsədim budur ki, Qarabağla bağlı, vətənpərvərliklə bağlı işlərimiz davam edir. Ancaq bir məqsəd var, “Hər şey millət və Vətən üçündür!” düşüncəsi ilə yaşamaq, Vətənin tərəqqi və gələcəyi üçün çalışmaq.

- Problemi olan təbəqələrlə şəxsən özünüz maraqlanırsız?

- Hal- hazırda İbrahim müəllimlə Karabakhmedia.az saytında birgə fəaliyyətimizi davam etdiririk. Saytı açmaqda məqsədimiz Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı dəfələrlə törədilən soyqırım haqqında oxuculara ətraflı məlumatlar çatdırmaqdır. Qarabağ regionunun tarixi, coğrafiyası, mədəniyyəti, ziyalıları, qəhrəmanlarını xalqımıza tanıtmaq başlıca məqsədimizdir. Eyni zamanda qayğıya ehtiyacı olan şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının problemlərinin həlli istiqamətində çalışırıq ki, bacardığımız qədər yaxından kömək edək. Dəfələrlə sosial durumu aşağı olan, ehtiyacı olan insanların bizə müraciəti olur, şəxsən özüm də maraqlanıram.

Gücümüz çatan qədər media vasitəsi ilə həmin insanların problemlərini ictimailəşdirməklə, sözümüz keçən adamlara xahiş etməklə çalışırıq, köməkdarlıq edək. Təbii, bütün hallarda dövlət dəstəyi labüddür ki, yaradılan imkanlardan istifadə edirik.

Herbiand.az

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN