
Köhnədir bəşər qədər
Düşüncənin gərdişi,
Ömür getməsin hədər
Budur xilqətin işi.
...Təklik fikrimin süsləndiyi ən uca yüksəklik,
Təklik xəyalımın bəsləndiyi ən xoş gerçəklik...
Flora xanım oxuyur... (Sözləri Hamlet İsaxanlıya, musiqisi Nailə İsayevaya məxsusdur.)
Mən də mahnını dinləyə-dinləyə oxuyuram. Mahnı yox, əlbəttə, bu sətirləri yazan insan haqqında – onun gördüyü çoxşaxəli yaradıcı işlər, həyata keçirdiyi çoxsaylı böyük layihələr, yazdığı şeirlər, kitablar, ümumiyyətlə, onunla bağlı hər bir sətri oxumağa çalışıram. Oxuduqca da içimi hər zamankı kimi bir qürur hissi bürüyür. Bu hislə hər yeni səhifəyə həvəslə bağlanıram... Bir ömrə sığdıra bildiyini bir neçə saatda və bir gündə oxuyub bitirə bilmədiyim üçün sevinirəm. Ziyalı, yaradıcı, eyni zamanda olduqca səmimi bir insanın həmvətəni olduğuma görə fəxr edirəm. Əslində, haqqında çox gözəl mətləblər demək olar, amma onu öz dilindən oxumağınızın daha anlamlı olacağını düşünürəm.
Bu səbəblə keçirəm söhbətimizə...
Beləliklə, alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, Xəzər Universitetinin və Avrasiya Akademiyasının təsisçisi Hamlet İsaxanlı ilə söhbəti sizə təqdim edirəm.
– Hələ məktəbli ikən ədəbiyyatla maraqlanan, hətta şeir və hekayə dəftəri olan Hamlet müəllimin ədəbiyyata gəlməyi gözlənilən idi... Amma Azərbaycan elmi mühiti hazırda sizi daha çox bir elm xadimi kimi tanıyır. Bu mühitə gəlişiniz barədə danışardınız.
– Dünyada elə insan yoxdur ki, onun marağı yalnız bir sahəyə yönəlmiş olsun. Dünya rəngbərəng olduğu üçün bu rənglərin bir çoxunu sevirsən. Təbiətə nəzər saldıqda, adətən, rəngarəngliyin vurğunu olur insan. Kiçik yaşlarımdan ədəbiyyatı sevirdim, məktəbdə tarix keçməyə başlayanda bu fənni də sevdim, sonra kimyanı sevdim, ali məktəbdə fizikaya vuruldum (ömürlük)... Riyaziyyata olan sevgim, ilk növbədə, atamdan, daha sonra oxuduğum məktəbdən qaynaqlandı. Məktəbimiz riyaziyyata üstünlük verən məktəb, atam isə riyaziyyat müəllimi idi. Atam mənim riyaziyyat sahəsi üzrə alim olmağımı arzulayırdı (bəlkə də, zamanın ona imkan vermədiyini mənim əldə etməyimi arzulayırdı). Ümumiyyətlə, riyaziyyatın dərin bir poeziyası var. Simfonik musiqini xatırladır mənə. Bu musiqini ilk dinlədikdə anlaşılmaz gələ bilər, amma dinlədikcə, incəliklərini anladıqca vurulursan. Yəni riyaziyyatın ahəngini, harmoniyasını anladıqda onu sevməmək imkansızdır. Riyaziyyatın dərin məntiqi bu harmoniya ilə qovuşduqda önündə böyük anlamda dünya açılır. Bu baxımdan riyaziyyat bir çox elmlərin açarı olan bir dildir. Bütün fənlərə qarşı marağım olsa da, məhz bu sahəni ixtisas seçdiyim üçün özümü xoşbəxt hesab edirəm. Riyaziyyat dünyanın qanunlarını anlamaqda mənə çox kömək edib.
Riyaziyyat çox qısqanc elmdir – qeyri-adi dərəcədə. Riyaziyyatla məşğul olacaqsansa, gərək özünü tamamilə bu sahəyə həsr edəsən. Mütəmadi məşğul olmasan, bu sahəni mənimsəyə bilməzsən.
– Uşaq vaxtı yazdıqlarınızı sonralar dərc etdirdinizmi?
– Xeyir, dərc etdirmədim. Hardasa 6-cı sinifdə oxuyanda “Əsərlər külliyyatı” yazmışdım (gülür). Şeirlər, hekayələr, hətta 2 dram əsəri də vardı. Təbii ki, o yaşda uşaq ancaq eşitdikləri və ya oxuduqları haqqında yaza bilər. Mən də oxuduğum bədii ədəbiyyatdan və eşitdiklərimdən təsirlənərək yazırdım. Ən çox sevdiyim yazıçı Cəfər Cabbarlıdır. Bütün əsərlərini dönə-dönə oxumuşdum və onun təsiri ilə də yazırdım. O, sözün sehrbazıdır. Sözdən sanki plastilin kimi hər şey yaradıb.
– Nəslinizdə ədəbiyyatçı, sizdə bu sahəyə maraq oyadan kimsə var idimi?
– Məndən böyük bibim oğlu vardı, Alı. Atası müharibədə həlak olduğundan bizdə yaşayırdı. O, oxuduğu kitabları mənimlə müzakirə edirdi. Demək olar ki, məndə ədəbiyyata marağı ilk o yaratmışdı. Bir də dayım Vəli müəllim. Kənd təsərrüfatı üzrə oxusa da, o da ədəbiyyatı çox sevirdi. Adımı da o qoymuşdu. Cəfər Cabbarlının tərcüməsində latın qrafikası ilə çap olunan “Hamlet”i oxumaq üçün mənə o vermişdi. Kitab oxuduqca ədəbiyyata daha çox bağlanırdım. Məktəbimizdə Mehman müəllim də riyaziyyat fənni tədris etsə də ədəbiyyat aşiqi idi. O, ədəbiyyat dərnəyi təşkil etmişdi. Mən də dərnəyin üzvü idim. Atama demişdi ki, Hamletin yazdıqlarını aparıb Bakıda çap etdirin. Bakı söhbəti çıxanda yazdıqlarımı topladığım dəftəri cırdım. Düzü, bərk qorxmuşdum. Uşaq ağlımla və ya fəhmimlə, yəqin ki, yazdıqlarımın o qədər də orijinal və dərin olmadığını duymuşdum (gülür).
– İlk kitabınız «Təzadlar» oldu...
– Gənclik illərində çox yazırdım. Yazdıqlarımı dostlara, tanışlara verirdim, çoxunu saxlamırdım. Özümdə yalnız bəziləri qalmışdı. Əslində, çap olunmağı düşünmürdüm. Sonralar əhatəmiz, ailəvi dostlarımız çoxaldıqca yazdıqlarımı çap etdirməyi məsləhət gördülər. Görkəmli filosof Camal Mustafayev Nailə xanımdan xahiş etdi ki, yazdıqlarımı toplasın. “Təzadlar” kitabım beləcə çap olundu. Kitab uğurlu oldu deyəsən, sonra digər kitablar yarandı. Bir hissəsi isə üzə çıxmaq üçün vaxt tələb edir...
– Deyilənə görə soyadınızı babanız Qaçaq İsaxandan götürmüsünüz. Yəqin ki, uşaq vaxtı babanız haqqında rəvayətlər də eşitmisiniz?
– Qaçaq İsaxan XX əsrin 20-ci illərinin sonu və 30-cu ildə Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq edib. 33 yaşında öldürülüb. Uşaq vaxtı babam haqqında çox rəvayətlər eşidirdim. Hamı onu mərd, igid insan kimi tanıyırdı. Sonralar babamla bağlı arxivləri araşdırdım. Onun törətdiyi üsyanları yatırmaq üçün Beriya çox çalışıb, Stalinə teleqramı olub. Babamın ölümündən sonra nənəmi uşaqları ilə birgə sürgün ediblər. Bir il Qazaxıstanda, bir il də Qırğızıstanda yaşayıblar. Böyük çətinliklərdən sonra vətənə dönüblər. Atama familyasını İsaxan yazdırmağa icazə vermədilər. Buna görə İsayev olduq. Sonralar mən İsaxan ədəbi təxəllüsünü götürdüm.
– Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra Moskvaya elm ardınca getdiniz...
– Düşünürəm ki, dünyada xalqların yarışı gedir və bu yarış, ilk növbədə, elm yarışıdır. Bəşər yarışında elm və texnologiya hər zaman birinci yerdədir. Üstəlik uğurlu elmi yaradıcılıq böyük ehtirasdır, insanı təvazökar və xoşbəxt edir. Bu səbəblərdən də illər öncə elm adamı olmağa qərar verdim, Moskvada təhsilimi davam etdirdim. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ.Steklov adına Riyaziyyat İnstitutunda oxudum, tədqiqat apardım, işlədim. Sonralar da dünyanı elm vasitəsilə, elm adamı kimi gəzdim. Bir çox xarici ölkələrin aparıcı universitetlərində muhazirələrim olub. Elm xadimləri ilə unudulmaz görüşlərin səbəbi də elmdə müəyyən uğurlar əldə etdiyimdir. Yəni elm həyatımı yönləndirib, qarşımda işıqlı yol açıb.
– Xarici səfərlər sizə nə verdi?
– İlk növbədə, müxtəlif elm xadimləri ilə canlı təmas, təbii ki, yaradıcılıq üfüqünü genişləndirir, birgə iş, əməkdaşlıq yaranır. Bu məsələnin bir tərəfi. İkincisi, əlbəttə, xarici səfər dünyagörüşü genişləndirir. Hələ sovet dövründə xarici səfərlərdə ölkəmizdə əldə olunmayan elmi, tarixi, siyasi məlumatları oxumağı, sevdiyim sahələrin tarixi detallarına varmağı çox sevirdim. Xarici səfərlərdə ən qiymətli xəzinə olan kitabxanalar və kitab mağazalarında yaşamaq imkanı əldə edirəm, dərin və geniş bir dünya içinə qapılıram...
– Səhv etmirəmsə, sizə xaricdə iş təklifi də olub, amma imtina etmisiniz...
– Kanadada, Kalqari (Calgary) Universitetində o zaman bir rus professor işləyirdi. Orda səfərdə olanda mənə təklif etdi ki, qalıb universitetdə işləyim. Bildirdi ki, əgər qalıb burada işləmək istəsən, universitetin rəhbərliyi səninçün bir kafedra da açar. Mənsə bildirdim ki, burada qalıb işləyə bilmərəm. Çünki mənim böyüdüyüm yerin fərqli bir mədəniyyəti, musiqisi, dili və s. var. Dedim ki, musiqimizi, öz dilimi, öz ədəbiyyatımızı, poeziyamızı mütəmadi izləməsəm, öz əhatəmi görməsəm, rahat yaşaya bilmərəm. Təsəvvür edin, 1985-ci ildə Kalqaridə işlədiyim vaxt 7 min dollar maaş alırdım. O zaman üçün bu, çox böyük məbləğ idi. Amma düzünü deyim ki, bu, mənimçün sadaladığım mətləblərdən daha vacib deyildi. Azərbaycanda daha vacib işlər görə biləcəyimi düşünürdüm. Bu kimi təkliflər sonralar da oldu. Yalnız Xəzər Universitetini açmağı düşündüyüm il (1990-1991-ci illər) Türkiyədən bir iş təklifinə haradasa bir az isti baxdım. O zaman əmin deyildim ki, mənim bu universitet qurmaq arzum reallaşacaq. O zaman TUBİTAK –ın başqanı, həm də Orta Doğu Teknik Universitetinin riyaziyyat bölümünün başkanı Tosun Terzioğlu məni çox yüksək məvaciblə işə dəvət etdi. Ona bildirdim ki, yeni bir işə başlayıram, əgər alınmasa, bu təklif barədə düşünərəm.
– Yaxın günlərdə yubileyinə hazırlaşdığınız Xəzər Universitetinin necə yaranmasından danışmağınızı istərdim. 25 ildir ki, bu təhsil ocağı fəaliyyət göstərir. Universitetin açılması hansı zərurətdən yarandı?
– Xəzərin ideyası haqqında “Xəzərin sorağında” adlı bir kitab yazmışam. Kitabı xatirələr şəklində qələmə aldım. Bu ideyanın bir əsas mənbəyi bütün xarici səfərlərimin hazırladığı düşüncə olub. Xarici ölkələrdə – Amerika və Avropada gördüyüm, mühazirələr oxuduğum universitet modelləri məni çox maraqlandırmışdı, onlara bənzər ali təhsil ocağının öz ölkəmizdə də olmasını arzulayırdım. Amma quruculuq üçün tələb olunan maddi vəsait kifayət qədər çox olduğundan (üstəlik, bu cür şəxsi təşəbbüslərə ciddi baxılmadığından – Sovet dövrü idi) arzumu reallaşdırmaq çətin idi. Xaricə gedib-gələndə mətbuat və televiziya dəvət edir, bəzi fikirlərimi söyləyə bilirdim (məsələn, İlqar Əlfioğlu məni «Dalğa» verilişinə çağırmış və çox maraqlı söhbət olmuşdu). Bir dəfə Şotlandiyadan qayıdarkən yeni bir universitet modelinin yaranması arzusu məni qucağına aldı və ...buyur, qur dedi (bir şeirimdəki fikri azacıq dəyişib deyə bilərəm: “bir gün günaha batdım/içimdəki şeirə bənzər fikirləri/silkələyib oyatdım/sətir-sətir, cümlə-cümlə/qələmimlə/bəzəyib çölə atdım/özümə iş yaratdım...).
Xəzər Universitetinin öz mədəniyyəti var (təşkilati mədəniyyət deyilən anlayış var). Burada təmiz və mədəni bir mühit yarada bilmişik. Nəyinsə mayası halal və yaxşı yoğrulursa, düşünülmüş plan varsa, əzmlə işə sarılırsansa, düzgün işləyirsənsə, ətraf səni qəbul etməyə başlayır. Yaxşı xatırlayıram, parlamentdə Təhsil Qanununun müzakirəsi gedirdi, deyirdilər “özəl” sözü olmaz, əvəzinə “qeyri-hökumət” yazılsın. Mən fikrimi bildirdim və dedim ki, qədimdə və orta əsrlərdə təhsil özəl olub, məktəbləri də, mədrəsələri də imkanı olan şəxslər açardılar. Yəni tarixən özəl tədris dövlət tədrisindən çox-çox öncə yaranmışdır (tam dövlət himayəsində olan təhsil XIX əsrdə Prussiyadan başlayıb). Bu baxımdan özəl təhsilə ögeylik qəribədir. Sonra zarafatla dedim ki, gəlin təhsil ocaqlarını qanuna özəl və qeyri-özəl kimi adlarla daxil edək. Gülüşmə və ad davası bitdi.
– Xəzər Universitetinin nəşriyyatı bir qədər sonra yaradıldı. Bu, hansı tələbatdan irəli gəldi?
– Nəşriyyat həddindən artıq mühüm işdir və ayrıca bir sahədir. Elmin və ədəbi düşüncənin məhsulunu insanlara çatdırmaq lazımdır. Bu istiqamətdə nəşriyyatların üzərinə böyük məsuliyyət düşür. Məsələn, Oxford Universiteti məşhur olduğu qədər onun nəşriyyatı – “Oxford University Press” də məşhurdur, dünyada ən böyük universitet nəşriyyatıdır. Bəzi universitet nəşriyyatları çox böyük olmasa da, amma çox ciddi, nəfis kitablar (məsələn, ildə 50-100 kitab) və jurnallar nəşr edirlər. Biz də bu məqsədlə universitetin nəşriyyatını yaratdıq. Nəşriyyatımızda elmi, bədii kitablar, konfrans materialları, elmi və populyar jurnallar nəşr edilir.
– Təsis etdiyiniz Avrasiya Akademiyası haqqında danışmağınızı istərdim. Akademiya ilə bağlı hansı planlarınız var?
– Mənim içimdə hər zaman elm yanğısı yatır (bunu qəti surətdə tərif kimi başa düşməyin, söhbət elm adlı füsunkar gözəlin vurğunu olmaqdan gedir – sevgi bizi dalısınca aparır və biz bunu məmnuniyyətlə edirik...). Əvvəl də qeyd etdiyimiz kimi, elm dünya xalqlarının inkişaf səviyyəsini göstərən ilk göstəricidir. Elmin təşkilatı işləri çətindir. Biz düşündük ki, elə bir akademiya yaradaq ki, elm və sənət akademiyası olsun. Bu Akademiya riyaziyyat və təbiət elmləri, həyat haqqında elmlər, mühəndislik və texnologiya, sosial və humanitar elmlər, musiqi, ədəbiyyat və incəsənət sahələrini əhatə etsin. Avrasiya Akademiyası elm və sənətin inkişafına öz töhfələrini verməyə çalışacaq. Qarşısına görkəmli insanları obyektiv surətdə şərəfləndirmək məqsədi də qoyub. Beş nəfərdən ibarət təsisçi heyəti müəyyən edildi. Azərbaycandan bəstəkar Arif Məlikov və mən təmsil olunmuşuq. Mən iki qolu təmsil edirəm – riyaziyyat və təbiət elmlərini, həmçinin sosial və humanitar elmləri. Amerikadan Lütfizadə (qeyri-səlis məntiq nəzəriyyəsinin atası) və mikroneyrocərrah Mahmud Gazi Yaşargil (hansı ki beynəlxalq miqyasda XX əsrin ikinci yarısının beyin cərrahı elan edilib, indi Türkiyəyə qayıdıb), bir də Türkiyədən məşhur tarixçi Halil İnalcık (20 ildən artıq Amerikanın aparıcı universitetlərində işləyib, Osmanlı tarixi üzrə dərslər deyib, indi Bilkent Universitetindədir) – bu beş elm və sənət adamı təsisçi heyət olaraq Avrasiya Akademiyasını yaratdıq. Qərara gəldik ki, bizim akademiyanın 30 üzvü olsun. Üzvlər daim bu sayda qalacaq, 30 tamamlandıqdan sonra yeni üzv ancaq 30-lardan biri dünyasını dəyişdikdən sonra seçilə biləcək. Yanvarda açılış törəni olacaq və rəsmi şəkildə fəaliyyətimizi elan edəcəyik. “Avrasiya əfsanəsi” adlı mükafat da təsis etmişik. Seçiləcək 30 üzvə bu mükafat veriləcək. Üzvlüyə yeni namizədlər həm artıq seçilmiş olan üzvlər, yəni Avrasiya akademikləri tərəfindən irəli sürüləcək, həm də fərdi olaraq hər kəs seçilmələri üçün öz namizədliklərini təklif edə bilərlər. Akademiyamızın məşhur elm və sənət adamının adını daşıyan beş medalı da təsis edilib. Avrasiya Akademiyası birinci növbədə bütün Türk dünyasını, qismən də digər bölgə və xalqları əhatə edəcək. Baş ofis Azərbaycanda – Bakıda olacaq.
– “Dünya məktəbi”nin maraqlı adı var...
– “Dünya məktəbi” bizim sevimli balamızdır. Təhsilin bünövrəsi kiçik yaşlardan və orta məktəbdən düzgün təşkil olunmalıdır ki, ali təhsilə və elmə maraq artsın, gələcəyin parlaq insanları yetişsin. Bu səbəbdən ilk dəfə Xəzər Universitetinin nəzdində eksperimental siniflər təşkil etdik və çox uğurlu nəticə alındığı üçün məktəb açmaq qərarına gəldik. Burada oxuyan uşaqlara öz övladlarımız kimi – tələbkar və qayğıkeşliklə yanaşırıq. Məktəb həm təhsil, həm də tərbiyə ocağı olmalıdır və belə də oldu. Məzunlarımız 100 faiz ali məktəblərə qəbul olurlar. Məktəbdə birinci sinifdən başlayaraq ayrıca üç dildə təhsil almaq mümkündür: Azərbaycan türkcəsində, ingiliscə və rusca. Eyni zamanda məktəbin tərkibində Beynəlxalq İB deyilən sistem var. Bu, dünyada yeganə geniş şəbəkə əmələ gətirən çox keyfiyyətli məktəb sistemidir. Bütün dünya universitetləri bu sistemin üzünə açıqdır, yəni bu məktəblərin məzunlarını məmnuniyyətlə öz tələbələri sırasına daxil etmək istəyirlər.
– Sizdən söhbət düşəndə dostlarınız xoş xasiyyətinizdən, səmimiliyiniz və sadəliyinizdən danışırlar. Deyirlər ki, Hamlet İsaxanlı insanlığı və alimliyi özündə birləşdirən mükəmməl elm adamıdır. Onunla bircə saat söhbət adama uzun müddət bəs edən bir enerji verir. Bu enerjini haradan alırsınız?
– Yamanca təriflədin məni, utandırdın... Gəlin öncə səmimilikdən başlayaq. Səmimilik insanın daxili musiqisidir. Ailədən və kökdən də gələ bilir. Amma fərdiyyətdən də asılıdır. Nyutonun bir sözü var, deyirdi ki, uzağı görməyimin səbəbi nəhənglərin çiynində oturmağımdır. Dünyadakı nəhəngləri görüb dərk edəndə səmimi və sadə, təvazökar olmaya bilmirsən. İnsan dünyanın dərinliyini və nəhəngliyini görəndən sonra çox rahat olur, o ənginlikdən az da olsa öz payını alır, zövq alır və “məndən yoxdu” demir. Yaxşı elm adamı olmaq? Elmdə məktəb keçməyən adam böyük elm xadimi ola bilməz (istedad zəruridir, amma kafi olmaya bilər). Dünyanın elm mərkəzlərini görməsən, oranın havasını udmasan, orada yetişməsən, yaxşı alim ola bilməzsən. Digər tərəfdən adamın içində toplanan sevgi və arzular, eləcə də bilik və təcrübənin yaratdığı potensial enerji üzə çıxmaq istəyir, yaratmaq, qurmaq, özünü sərf etmək istəyir (bilik sərf olunduqca itmir, azalmır, əksinə, yeni keyfiyyət – axıcılıq qazanır, enerji isə, bilirsiniz ki, itmir, şəklini dəyişir, bir haldan başqa hala keçir).
– Dostunuz çoxdurmu?
Dost anlayışı mənimçün bir az qeyri-müəyyən anlayışdır. Dost olmaq – iki ruh halının bir-birinə uyğun gəlməsidir. Mənim ürəyimin bir tezliyi var (radio dalğaları kimi), o tezliyə sazlanmış, o tezliyə uyğun gələn adam mənim dostum ola bilər. Yəni dost olmaq üçün ruhən qohum olmaq lazımdır. İnsanlar bir-birini tapır, seçir, bir-biri ilə tam səmimi və xoş ünsiyyətdə olur, nəticədə dostluq yaranır, yəni dostluq bir seçimdir. Dostlarım var, amma çox azdır, daha çox sayda çox yaxşı tanışlarım var.
– Övladlarınızın tərbiyəsində önəm verdiyiniz prinsiplər olubmu?
– Bir neçə prinsip var ki, onlara əməl etməlisən – tərbiyə, adət-ənənəyə bağlılıq, təlim, təhsil və dünyagörü ilə bağlı. Dörd qızım var. Mən övladlarımla öncə dost olmuşam, onları bu prizmadan anlamağa və yardım etməyə çalışmışam. Təhsillərinə çox önəm vermişəm. Yaxşı xatırlayıram, «Koroğlu» dastanını danışanda özüm Koroğlunu ifa etmişəm – ortaya düşüb meydan sulayıb mahnı oxuya-oxuya. Onlarda beləcə maraq yaradaraq oxumağa sövq edirdim. Həmişə öz təxəyyülləri və öz düşüncələri olması üçün onlara sərbəst düşüncə aşılamağa çalışmışam. Onları elə yetişdirməyə çalışmışam ki, düzgün qərarlar qəbul edə bilsinlər.
– Gənclərlə işləyən bir alim kimi onları daha yaxından müşahidə etmək imkanına maliksiniz. Bugünkü gənclərdə görmək istədiyiniz keyfiyyətlər nələrdi və görə bilmədiyiniz nələrsə varmı? Ümumiyyətlə, gənclərə hər zaman tövsiyə etdiyiniz nə olur?
– Gənclərdə əsas problem düşüncə tərzindədir. İnsanın düşüncəsi dar olanda dünyanı anlamaq və yol seçmək çətin olur. İnsanların bir-birini qınamasını, hay-küy salmasını anlaya bilmirəm. Adətən, dünyəvi və geniş düşüncəsi olmayanlar belə olur. Mütləqlikdən uzağa qaçmaq lazımdır. Bax, gənclərimizdə belə düşüncə tərzinin yaranmasını arzu edirəm. Digər tərəfdən düşünürəm ki, təhsil ocağının əsas məqsədi gənclərin düşüncə tərzini və zövqünü formalaşdırmaqdır. Gənclər özü də dünyanı dərindən anlamaq üçün çalışmalı, dünyanı anladıqca daha rahat olacaqlarını anlamalıdır, müəllimlərin səyi vacibdir, ancaq kifayət deyil, insan özü-özünü yetişdirməlidir...
– Sözlərinizə yazılan musiqilər içərisində daim zümzümə etdiyiniz biri varmı?
– Ruh varsa, onun qidası da olmalıdır. Musiqi də ruhun qidasıdır. Musiqi iş dünyasını tərənnüm edir, sərbəstdir. Sözün musiqiyə ehtiyacı var, amma musiqinin sözə ehtiyacı yoxdur. Yəni bu mənada musiqi səni istədiyin əngin səmaya ucalda bilər (gülür). Mənim sözlərimə çox tanınmış bəstəkarlar musiqi yazıblar: Vasif Adıgözəlov, Ramiz Mustafayev, Vaqif Gərayzadə, Cavanşir Quliyev, Tahir Əkbər, Cahangir Zülfüqarov, xanımım Nailə İsayeva və başqaları (Lütfiyar İmanov kimi müğənnilər də sözlərimi musiqi yazıblar). Cavanşirin “Ziyarət“ adlı poemam əsasında yazdığı musiqiləri, Tahir Əkbərin və Nailə xanımın, Vaqif Gərayzadənin “Həsrət” şeirimə yazdığı mahnılar dilimdədir, onları evdə, dağda və ya yol gedərkən zümzümə edirəm.
– "Azərbaycan sevgi poeziyası" ensiklopedik toplusunun artıq ilk üç kitabı işıq üzü görüb. Ədəbiyyatın təməl mövzusu olan sevgiyə diqqət ayırmanız təsadüfi ola bilməz. “Sevəcəyik, sevgi ölməz” deyirsiniz. Sizin üçün, əslində, sevgi nədir, bir düsturu varmı?
– Bəşəriyyətin ən universal dəyəri məhz sevgidir. Bəşəriyyət sevgi ilə yoğrulub, sevgi ilə inkişaf edib. Nifrət savaşlara gətirib çıxarsa da, sevgi qorumaq iqtidarında olub. Sevginin ünvanı da genişdir, böyükdür: valideynə, övlada, vətənə, qarşı cinsə və s. Sevgilərin bir ünvanı da yaradıcılıq sevgisidir. Hətta mən ona yaradıcılıq ehtirası deyərdim. Yaratdığını sevə-sevə yaradırsan və bununla yaşayırsan. Səmimiliyi də sevgi yaradır. Həyatın təməlində sevgi olduqda bu ətrafa və əmələ yansıyır. Sevən insan qarşısındakını yüksəldir, özünü yox. Yekəxana insanların içində dərin sevgi olduğuna şübhə edirəm. Onlar üçün hər şeyin mərkəzi özləridir, sevgininsə mərkəzi sevdiyin ünvandır. Bu antologiyani tərtib edəndə maraqlı məqamlarla qarşılaşdım. Bəzi şairlərimizdə sevgi hissi “məni sev”lə bağlıymış, “sənin sevgin mənəm” mesajı varmış. Amma əsl sevgi qarşındakını gözəl görmək, qeyri-adi etmək, özünü arxa planda saxlamaqdır. Sevgi şeirlərində şairin qüdrəti ona görə bəlli olur ki, sevgi şeirini yazarkən şair səmimidir, içindəki hisləri ifadə edir. Ümumiyyətlə, yaradıcılıqda haradakı səmimisən, orada gözəl alınmaq ehtimalı böyükdür. Poeziyanın yaranma səbəbi sevgidir. Sevgi mövzusunda poeziya öz qüdrətini tam göstərə bilir, yəni sevgi poeziyası həm də poetik heykəldir, antologiyanı hazırlamağımın bir səbəbi də budur. 3 cild nəşr olunub, 4-cü cild hazırdır. Antologiyanı hazırlayanda şairlərin bir çoxunu yenidən kəşf etdim. Bəzi çox tanınmışların sevgi mövzusunda az (və zəif) yazdıqlarının, bəzi nisbətən az tanınmışların isə bu mövzuda geniş və maraqlı yazdıqlarının şahidi oldum. Hələ davamı olacaq, 10 cildə kimi hazırlanacaq.
– Şeirdən söz düşmüşkən, Bəxtiyar Vahabzadə deyib ki, bir ondan razıyam ki, özümdən narazıyam. Hamlet İsaxanlının özündən narazı qaldığı vaxtlar olurmu?
– Əslində, özündənrazılıq bir aşağılıq kompleksindən irəli gəlir. Sən özünü kifayət qədər güclü və dolğun hiss eləmirsən, istəyirsən ki, ətrafındakılar səni olduğundan daha çox dəyərləndirsinlər, buna görə öz təbliğatınla məşğul olursan. Rahat və özünü bilən insan zamanını özünütəbliğə və mənəm-mənəmliyə həsr etməz. Özündən narazı olmaq sözü də şablonlaşıb. Məncə, axtarmaq, yeni bilik və duyğular arxasınca düşmək, həyatın harmoniyasını anlamağa çalışmaq və bu yolda xoşbəxtlik əldə etməkdir həyatın mənası. (Yəni bu bilik, duyğu və harmoniyaya çatmamışam, tam çatmaq da olmur, o yolda olmaq – budur əsas məsələ!) Özündən razılığını ortaya qoyan adamın xoşbəxt olması müşkül məsələdir. İnsanlar bu xoşbəxtlik məfhumunu fərqli başa düşür. Məsələn, Aristotel deyirdi ki, “xoşbəxt olmaq üçün ətrafın fərqli olmalıdır”, gərək cəmiyyət yaxşı olsun, mən ondan asılıyam kimi (onun məşhur “insan siyasi heyvandır” sözünün mənası budur). Epikür isə deyirdi ki, elə deyil, sən cəmiyyəti kökündən dəyişə bilməzsənsə (yaşadığın qısa zaman buna kifayət etməyə bilər), mövcud cəmiyyətdə, bu çərçivələr içində də xoşbəxt olmağa çalışmalısan. Deyirdi xoşbəxtlik odur ki, bir bağım var, orada müəyyən sayda dostlarımı yığa bilirəm, orada əncir qurusu, çörək-pendir və şərabım var və dostlarımla oturub hər şeydən danışa bilirik. Demək, bu zaman mən xoşbəxtəm. Yəni insanın içi bütövdürsə, həyatda öz yerini tutubsa, onun özünü təbliğ etməsinə, ətrafın alqışına ehtiyacı yoxdur. İnsan daima özünü inkişaf etdirməyə və oxuyub öyrənməyə, yəni dünyanı dərk etməyə, gözəllik və harmoniyanı görməyə, duymağa can atmalıdır.
– Mütaliə etməyə zamanınız olurmu? Sizcə, mütaliənin insana nə kimi xeyri var?
– Bu gün şagird və tələbə ikən oxuduğumdan daha çox oxuyuram. Hər gecə ən azı 50-60 səhifə elmi yazı oxuyuram, bədii ədəbiyyatı daha çox və sürətli oxumaq olur və mütləq nəsə yazıram. Tarix və fəlsəfə kimi sahələrə aid klassik və çağdaş ədəbiyyatı oxumağa çalışıram. Onlar mənə həm elmi, həm ruhi qida verirlər. Bədii ədəbiyyat oxumaq, eyni zamanda insana həmin dövr haqqında elmi-tarixi ədəbiyyatdan fərqli bilgi verir. Bədii şəkildə yazılan daha insani və yaddaqalan olur. Məsələn, XIX əsrdə Fransada həyat necə olub sualına Balzakı oxumaqla daha yaxşı cavab tapa bilərsən. İnsanların həyat tərzi, nə düşündüyü və güzəranı olduğu kimi göz önünə gəlir.
Elm tarixi, mədəniyyət tarixi, düşüncə tarixi, zəka tarixi ilə bağlı araşdırmalar apardığımdan tədqiqatıma kömək edən bu səpkili kitabları daha çox oxuyuram.
Gülnar MƏSİMLİ